Ötən nəsillərə nisbətdə Z generasiyası obsessiyadan daha çox əziyyət çəkir. Mövzuya keçməzdən əvvəl nə üçün bunların yazılmalı olduğunu və nəyin bu fikri tətiklədiyini danışmalıyıq. Əvvəlcə isə qeyd edək ki, burada toxunulan məsələ sadəcə dini motivli istənməyən fikirlər haqda olacaq.
Bir uşağın nevrozu haqqında yazılan mətndə Freyd, pasiyentin indiki psixopatoloji durumunu onun uşaqlığı ilə əlaqələndirir. Xəstə, altı-yeddi yaşlarında olarkən dini motivli "vəsvəsələrdən" əziyyət çəkir. Tanrı haqda pis fikirləri yaxasını buraxmır və bunun üçün hər dəfə ilahidən bağışlanma diləyirdi. Zamanla şüurun ört-basdır etdiyi bu problem, gənclik illərində bu dəfə nevroz formasında ortaya çıxaraq ruhi vəziyyətinə mənfi təsir göstərir. Hadisələrin necə və niyə baş verdiyi özgə yazının mövzusudur. Amma bu qədərini bilməklə, vəziyyət başqa bir məsələdə katalizator rolunu oynayır:
Bugünlərdə Z nəslinin bir çox xüsusiyyəti ötən generasiyaların qınaq obyektidir. Çox vaxt isə onların dinə və tanrıya olan bağlılıqlarının azalması haqda danışılır.
Lakin Z nəslinə öyrədilən bu anlayışların kor-koranə şəkildə olması haqda bəhs edilmir. Uşaq vaxtı valideynlərinə Tanrıyla bağlı sual verəndə "Bunu demə, şeytanın vəsvəsəsidir" cümləsindən özgə şey eşitmirlər. Bu cür məhdudiyyətlər isə təsirsiz ötüşmür. Nəticədə özləri Tanrını sorğulamağa başlayırlar. Zamanla suallara cavab tapa bilmədiklərində isə "sorğulama"nın yerini inancla bağlı pis fikirlər tuta bilir.
Məlumdur ki, şüurun müdafiə mexanizmi var. Necə ki, yuxarıda danışılan əsərdə uşaq dini obsessiyalardan şüurun ört-basdır sistemi ilə qurtulmuşdu. Bəlkə Z nəslinin tanrıya inamının azalması da şüurun müdafiə mexanizmidir? Mümkündür ki, dini motivli obsessiyalardan qurtulmaq üçün şüur bu yolu seçib? Axı onlar dinə və tanrıya "vəsvəsə" ilə yanaşmağı arzulamırlar. Əgər elə olsa idi, o qədər araşdırmanın heç bir rasional tərəfi olmazdı.
Beləliklə, bu fikirlərdən daha əzab çəkməmək üçün inamın azalması şüurun obsessiyalardan müdafiə sistemi ola bilər. Amma unutmamaq lazımdır ki, şüur, problemi bu cür pərdələməklə gələcəkdə onu başqa formada, fərqli fəsadlarla üzə çıxarır. Bunu, yuxarıda qeyd edilən əsərdə obsessiyanın, uşağın gənclik illərində nevroz kimi ortaya çıxması sübut edir.
Bəlkə də Z nəslinin mənfi görülən digər xüsusiyyətlərinin özəyində inanc problemi durur? Belə ki, pərdələnmiş dini obsessiyalar, növbəti illərdə nevroz formatında üzə çıxır.
Ağa Rza

Yorumlar
Yorum Gönder